
Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın gələcəyinə dair tamamilə yeni inkişaf mənzərəsini ortaya qoydu. Səfər zamanı təqdim edilən layihələr göstərir ki, qarşıdakı mərhələdə Naxçıvan yalnız sosial-iqtisadi baxımdan inkişaf edən bölgə deyil, Azərbaycanın enerji, sənaye, nəqliyyat və logistika strategiyasında mühüm mövqeyə malik böyük iqtisadi mərkəz kimi formalaşdırılır. Dövlət başçısının AzTV-yə müsahibəsində səsləndirdiyi fikirlər də bu prosesin ayrı-ayrı layihələrdən deyil, bir-birini tamamlayan uzunmüddətli dövlət strategiyasından ibarət olduğunu göstərir. Prezident İlham Əliyev Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının bundan sonra da təmin ediləcəyini xüsusi vurğulayıb.
Yeni mərhələnin ən mühüm xüsusiyyətlərindən biri iqtisadiyyatın istehsal üzərində qurulmasıdır. Naxçıvan Sənaye Parkının təməlinin qoyulması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 310 hektarlıq böyük ərazidə yaradılacaq parkın gələcəkdə müxtəlif istehsal müəssisələrini, sahibkarlıq subyektlərini və yeni investisiya layihələrini bir araya gətirməsi nəzərdə tutulur. Prezident İlham Əliyevin bildirdiyi kimi, Naxçıvan Sənaye Parkı ərazisinə görə Sumqayıt Sənaye Parkından sonra ikinci yerdə dayanır. Bu miqyas onu göstərir ki, söhbət yalnız bir neçə müəssisənin yerləşdirilməsindən deyil, Naxçıvanda yeni sənaye ekosisteminin formalaşdırılmasından gedir.
Bu prosesin ən mühüm nəticələrindən biri yeni iş yerlərinin yaradılması ola bilər. Müasir istehsal müəssisələrinin fəaliyyətə başlaması yerli məşğulluğun genişlənməsinə, sahibkarlığın inkişafına və iqtisadi fəallığın artmasına şərait yaradacaq. Sənaye Parkının nəqliyyat dəhlizlərinə yaxınlığı isə burada istehsal ediləcək məhsulların gələcəkdə xarici bazarlara çıxarılması baxımından əlavə üstünlük formalaşdırır. Beləliklə, Naxçıvanın iqtisadi modelində istehsal, logistika və ixracın bir-birini tamamladığı yeni sistem yaradılması üçün geniş imkanlar meydana çıxır.
Naxçıvanın gələcəyini dəyişə biləcək digər mühüm istiqamət enerji sektorudur. Muxtar respublikanın zəngin Günəş və su enerjisi imkanları artıq böyük investisiya layihələrinə çevrilir. “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarının ümumi gücünün 50 MVt olması nəzərdə tutulur. Lakin qarşıya qoyulan strateji məqsədlər bununla məhdudlaşmır. Prezident İlham Əliyev Naxçıvanda təkcə Günəş enerjisi istehsalının ən azı 500 MVt-a, perspektivdə hətta 1000 MVt-a çatdırılmasının mümkün olduğunu bildirib. Bu, Naxçıvanın enerji xəritəsindəki mövqeyini kökündən dəyişə biləcək miqyasdır.
Burada diqqətçəkən əsas məsələ artıq yalnız Naxçıvanın özünün elektrik enerjisi ilə təmin olunması deyil. Yeni strategiyanın mühüm istiqamətlərindən biri istehsal olunan enerjinin ixracıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın məqsədlərindən biri elektrik enerjisi ilə də Avropa bazarına çıxmaqdır. Naxçıvanın Türkiyə və İranla coğrafi yaxınlığı, gələcək enerji kommunikasiyaları və Zəngəzur istiqamətində nəzərdə tutulan bağlantılar muxtar respublikanın regional enerji qovşaqlarından birinə çevrilməsi üçün mühüm imkanlar yaradır.
Naxçıvanın yeni iqtisadi xəritəsində nəqliyyat məsələsi isə xüsusi strateji çəkiyə malikdir. Dəmir yolu infrastrukturunun yenidən qurulması və Zəngəzur dəhlizinin reallaşdırılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni bağlantının yaradılmasından daha geniş məna daşıyır. Məqsəd Naxçıvan dəmir yolunun imkanlarını əhəmiyyətli dərəcədə genişləndirərək gələcəkdə ən azı 15 milyon ton yükün daşınmasına şərait yaratmaqdır. Prezident İlham Əliyev də Azərbaycanın bu dəmir yolunu tam işlək və 15 milyon ton yükaşırma qabiliyyətinə malik vəziyyətə çatdırmalı olduğunu vurğulayıb.
Bu layihələrin həyata keçirilməsi Naxçıvanın coğrafi mövqeyinə tamamilə yeni iqtisadi məzmun verə bilər. Muxtar respublika Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinin kəsişdiyi mühüm mərkəzlərdən birinə çevrilmək potensialına malikdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, böyük həcmdə yüklərin bu ərazidən keçməsi iqtisadi canlanma yaradacaq, yeni iş yerlərinin açılmasına səbəb olacaq və Naxçıvanı əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevirə bilər. Belə bir perspektiv Naxçıvanın yalnız Azərbaycan daxilində deyil, daha geniş Avrasiya coğrafiyasında iqtisadi əhəmiyyətini artırır.
Dəyişiklik insanların gündəlik həyatında da hiss olunacaq. Naxçıvan şəhərində yeni elektrik avtobuslarının istifadəyə verilməsi ictimai nəqliyyatın tamamilə müasir prinsiplər əsasında yenilənməsinə xidmət edir. Elektron ödəniş imkanları, rəqəmsal dispetçer sistemi, real vaxt rejimində monitorinq və yeni depo infrastrukturu şəhər nəqliyyatında yeni xidmət standartlarının tətbiqinə imkan yaradacaq. Bunun ardınca rayonlararası nəqliyyatın yenilənməsi nəzərdə tutulur. Prezident 217 müasir rayonlararası avtobusun alınması barədə göstəriş verildiyini açıqlayıb.
Sosial infrastrukturun yenilənməsi də ümumi inkişaf strategiyasının mühüm hissəsidir. Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial yaşayış kompleksinin təməlinin qoyulması əhalinin mənzil təminatının yaxşılaşdırılmasına yönəlmiş mühüm layihələrdəndir. Yeni yaşayış məkanlarının məktəbəqədər təhsil, xidmət, yol, kommunal və yaşıllıq infrastrukturu ilə birlikdə yaradılması şəhərin müasir yaşayış standartlarına uyğun genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, uşaq bağçalarının tikilməsi və təmiri, kənd yollarının yenilənməsi, suvarma sistemlərinin genişləndirilməsi və digər sosial layihələr də nəzərdə tutulur.
Naxçıvanın inkişafında turizm də yeni iqtisadi istiqamətlərdən biri kimi müəyyənləşdirilir. Muxtar respublikanın qədim tarixi, nadir memarlıq abidələri, təbiəti və coğrafi xüsusiyyətləri böyük turizm potensialı yaradır. Prezident İlham Əliyev Naxçıvanın zəngin turizm imkanlarına malik olduğunu, lakin mehmanxana infrastrukturunun mövcud vəziyyətinin bu potensialın tam reallaşdırılmasına mane olduğunu bildirib. Şəhərin mərkəzində yeni beşulduzlu mehmanxananın təməlinin qoyulması bu sahədə dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilə bilər.
Müasir inkişafla yanaşı, Naxçıvanın tarixi simasının qorunması da diqqət mərkəzində saxlanılır. Möminə xatun məqbərəsinin bərpası, digər tarixi-mədəni abidələrin konservasiyası və qorunması, böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin irsinin yaşadılması göstərir ki, yeni quruculuq prosesi tarixi yaddaşın qorunması ilə paralel aparılır. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, sosial-iqtisadi və enerji inkişafının təməlində milli kimlik, milli ruh, mədəniyyət, dil və tarix dayanır.
Bütün bu proseslərin təhlükəsizlik mühitində həyata keçirilməsi isə əsas şərtlərdən biridir. Naxçıvanda yeni yaradılan əməliyyat-komando hərbi hissələrinə Döyüş bayraqlarının təqdim edilməsi muxtar respublikanın müdafiə imkanlarının daim diqqət mərkəzində saxlanıldığını göstərdi. Müasir texnika, yeni hərbi strukturlar və gücləndirilən müdafiə potensialı Naxçıvanın strateji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Prezident İlham Əliyev də Naxçıvanın coğrafi xüsusiyyətlərinə görə təhlükəsizliyinə xüsusi diqqət göstərildiyini və burada hərbi potensialın bundan sonra da gücləndiriləcəyini bildirib.
Naxçıvan üçün müəyyən edilən modelin ən mühüm xüsusiyyəti isə bütün istiqamətlərin vahid konsepsiyada birləşdirilməsidir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid inkişaf yanaşması əsasında formalaşdırılması Azərbaycanın gələcək regional inkişaf siyasətinin mühüm istiqamətlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyev bu üç bölgənin vahid konsepsiya əsasında inkişaf etməli olduğunu bildirib və Naxçıvanda da yeni idarəetmə mexanizmlərinin tətbiqinin bu məqsədə xidmət etdiyini vurğulayıb.
Beləliklə, Naxçıvanda başlayan yeni mərhələ sadəcə tikinti və abadlıq layihələrinin məcmusu deyil. Burada sənaye istehsalının genişləndirilməsi, yaşıl enerjinin böyük iqtisadi resursa çevrilməsi, beynəlxalq nəqliyyat yollarının yaradılması, sosial şəraitin yaxşılaşdırılması, turizmin inkişaf etdirilməsi və təhlükəsizliyin möhkəmləndirilməsi eyni strategiyanın müxtəlif istiqamətləri kimi çıxış edir. Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı təqdim olunan layihələr və açıqlanan hədəflər göstərir ki, qədim Azərbaycan diyarı qarşıdakı illərdə ölkənin ən dinamik inkişaf edən iqtisadi və strateji bölgələrindən birinə çevrilmək üçün böyük potensiala malikdir.