21 saylı Xüsusi notariatu Daxil Kərimov - Müstəqil, demokratik Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.
Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu. O ağrılı-acılı günlər hər birimizin yaddaşındadır və o zamankı nəslin nümayəndələri həmin dövrdə ölkəmizin və xalqımızın hansı çətin, mürəkkəb sınaqlar qarşısında qaldığıının canlı şahidləridirlər. Məhz ulu öndər Heydər Əliyev dühası və qətiyyəti sayəsində müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu.
Belə çətin bir dönəmdə ulu öndər Heydər Əliyevin qarşısında yalnız ölkəni böhran vəziyyətindən çıxarmaq deyil, həm də xalqın geniş təbəqələrini Azərbaycan dövlətçiliyi ideyası ətrafında birləşdirmək vəzifəsi dayanırdı.
Ölkənin bu cür çətin və təhlükəli sınaqlar qarşısında qaldığı bir dövrdə xalqının səsinə səs verən ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıtdı. İyunun 15-də Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bunun ardınca isə yaranmış siyasi zərurətdən asılı olaraq iyun ayının 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ömrünün böyük bir hissəsini öz xalqına həsr edən ümummilli lider Heydər Əliyev bu cür mürəkkəb bir dönəmdə bütün məsuliyyəti öz üzərinə götürdü və dövlətçiliyimizin qorunub saxlanılması istiqamətində mühüm zəruri tədbirlər görməyə başladı. Bu gün sülh və əminamanlıq içində yaşadığımız müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin şah əsəridir və xalq öz xilaskar oğlu ilə hər zaman qürur duymaqdadır.
Ulu Öndər hər zaman milli ideologiyanı və azərbaycançılıq məfkurəsini hər şeydən üstün tutub. Məhz 44 günlük Vətən müharibəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sarsılmaz birlik və həmrəylik nümayişi ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təzahürünün bir təntənəsi idi.
Bu gün müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyev ideyaları ilə yaşayır və bu ideyalar Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir.