Qara Abdullayev: Bütün qələbələrin əsasında yüksək inkişaf dayanır
Tarix:13-05-2022, 11:50 Baxış Sayı:135 Kateqoriya:Gündəm / Cəmiyyət
Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayev - Ölkə tarixinin ən parlaq dövrü və ən güclü inkişaf mərhələsi Ümummilli Lider Heydər Əliyevin Respublikaya siyasi hakimiyyətə gəldiyi gündən başlamışdır. Məhz həmin andan böyük rəhbərin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan misilsiz inkişafa doğru yüksəlmiş, özünün əsl tərəqqi, intibah dövrünü yaşamışdır. Ulu Öndər respublikaya rəhbərlik etdiyi illər ərzində milli inkişaf yolunu dərin elmi əsaslarla müəyyənləşdirmiş, daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən mürəkkəb məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmiş, böyük fədakarlıqlar göstərmişdir. Daim həqiqətin yolu ilə gedən və yüksək uğurlar qazanan dahi şəxsiyyətin dövlətçilik fəaliyyəti, əslində, tarixi faktların etirafıdır. Öz təbiəti etibarilə cəmiyyəti həmişə irəli aparan, qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olan, sabahkı gün, insanların xoş gələcəyi, gözəl arzular haqqında düşünən, onları reallığa çevirən bir şəxsiyyətin həyat amalı ancaq həqiqət konsepsiyasına bağlıdır. Zaman ötdükcə, illər keçdikcə bir çox meyarlar, prinsiplər dəyişir, ancaq həqiqətin meyarı dəyişməz olaraq qalır.
XX əsrin 70-80-ci illəri Sovet Azərbaycanının intibah dövrü kimi yaddaşlarda qalıb. O illər respublika iqtisadiyyatının, xalq təsərrüfatının, elm və təhsilimizin, mədəniyyətimizin inkişafı faktları ilə son dərəcə zəngindir. Onu da qeyd edək ki, Heydər Əliyev keçmiş ittifaqın inkişaf göstəricilərinə görə ən axırıncı yerlərdə olan aqrar əyalət kimi sələflərindən təhvil aldığı Azərbaycanı cəmi bir neçə ilin içində ən öncül sənaye respublikalarından birinə çevirdi. Azərbaycanın mərkəzində və regionlarında əsl dirçəliş ab-havası yarandı. İnkişafa əngəl yaradan maneələr ortadan götürüldü. İnsanların sabaha ümidi artdı. Hər kəs Heydər Əliyevin timsalında illərdir arzuladığı rəhbəri, aydın zəkalı, ədalətli, vətəndaşların halını anlayan, xalqın dəyərlərinə önəm verən, cəmiyyət üçün gözəl nümunələr yaradan, ən əsası isə Azərbaycanı canı qədər sevən lideri gördü. Ulu Öndər həmçinin xalqının milli-mənəvi dəyərlərinə sahib çıxdı. Respublikanın rəhbəri ilk dəfə olaraq rəsmi tədbirlərdə çıxışlarını Azərbaycan dilində etməyə başladı. Bu, xalqın milli ruhunun ali hakimiyyət kürsüsündə öz ifadəsini tapması idi. Böyük rəhbər ana dilimizə bu münasibəti ilə xalqın tarixi köklərinə qayıdışını, milli-mənəvi dəyərlərimizə bağlılığını bəyan edirdi.
Ən əsası, o illər Heydər Əliyev Vətənini, sözün bütün mənalarında, yeni inkişaf dövrünə çıxardı. Xalqın milli özünüdərkinin stimullaşdırılmasının əsasını qoydu. Azərbaycanı bütün dünyada tanıtdı. Ulu Öndərin doğma yurdu qarşısındakı xidmətlərinin tarixi və siyasi əhəmiyyətini araşdırarkən, heç şübhəsiz ki, onun Sovet Azərbaycanına rəhbərlik etdiyi illləri xüsusi qiymətləndirmək lazımdır. Respublikanın həmin illərdə qazandığı nailiyyətlər məhz böyük rəhbərin həyata keçirdiyi yeni strateji inkişaf konsepsiyasının real nəticəsi idi.
Məhz Ulu Öndər 1982-1987-ci illərdə keçmiş SSRİ-nin ali rəhbərlərindən biri kimi Moskvada çalışdığı dövrdə də bu inkişaf konsepsiyasının reallaşması üçün bütün imkanlarını ortaya qoyurdu. Vətəninin yüksəlişinə çalışırdı. Xalqı məkrli düşmənlərdən qoruyurdu. Ümumən, türk-müsəlman xalqlarının hamisi kimi onlara dəstəyini əsirgəmirdi. Təsadüfi deyil ki, ermənilərin və onların havadarlarının, hətta bütün dünya erməniliyinin respublikamıza qarşı qanlı planları məhz 1987-ci ildə, Heydər Əliyevin məqsədli şəkildə yüksək dövlət vəzifələrindən uzaqlaşdırılmasından sonra başladı. Azərbaycanın başına min bir fəlakətlər açıldı. Bununla belə, Ulu Öndərin 70-80-ci illərdə formalaşdırdığı milli inkişaf konsepsiyası o qədər güclü idi ki, xalq tarixin ağır sınaqları qarşısına təşkilatlanmış şəkildə çıxmağı bacardı. Bu konsepsiya ötən əsrin 80-ci illərinin sonlarına doğru Azərbaycanın müstəqilliyi uğrunda siyasi dalğanın başlanmasında çox böyük rol oynadı. Ümummilli Liderin ötən əsrin 70-ci illərində yetişdirdiyi gənclik Azərbaycanın müstəqilliyi uğrunda ayağa qalxdı. Xalqımız 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini rəsmi şəkildə elan edərək tarixi haqqına nail oldu. Amma o taleyüklü anda da yenə xalqın Heydər Əliyev kimi böyük liderə ehtiyacı vardı. Hər bir cəmiyyətdə olduğu kimi, bu illərdə respublikada mənəvi axtarışlar milli taleyə və tərəqqiyə yol göstərməkdən çox insanların mühüm, ciddi dəyişikliklərə hazırlığı xarakteri daşıyırdı. Əsl yolları isə yenə də tarix və onu yaradan böyük şəxsiyyətlər müəyyənləşdirirdi.
1993-cü ilin ortalarında Azərbaycandakı böhranın səbəblərindən biri də cəmiyyətdəki mənəvi və ideoloji pərakəndəlik idi, milli şüur faktiki olaraq parçalanmış vəziyyətdəydi. Vətəndaş müharibəsi, qardaş qanı axıdılması reallığa çevrilmişdi. Ölkədə başlanan siyasi proseslər nəticəsində digər sahələrlə yanaşı, elmin, təhsilin problemlərinə də dövlət səviyyəsində laqeydlik və biganəlik göstərilirdi. Belə neqativ proseslər xalqın əsas sərvəti olan kadr potensialına da mənfi təsir göstərirdi, ziyalılar real tənəzzül qarşısında çırpınırdılar. 1988-ci ildə 14 minə yaxın elm adamı Azərbaycandan digər dövlətlərə üz tutmuşdu. Ölkədəki qeyri-sabitlik həqiqi elmin və təhsilin arxa plana keçməsini gücləndirirdi. Bir sıra siyasət adamları güman edirdilər ki, tarixi hadisələri, xalqın taleyini qərarlar və qətnamələr əsasında qurmaq olar. Bu, səhv bir təsəvvür idi. Təcrübə göstərir ki, mücərrəd ideologiyalar millətin birliyini pozur, onun taleyinin istiqamətlərinin həyatda yox, kitab və nəzəriyyələrdə, subyektiv tendensiyalarda axtarılmasına gətirib çıxarır.
1993-cü il hakimiyyət dəyişikliyindən sonra həqiqi Azərbaycan siyasətinin, Azərbaycan milli ideyasının həyata keçirilməsi dövrü başlandı. Bu dövrün də nəzəriyyəçisi və dahi təməlçisi xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev idi. Bu böyük şəxsiyyət, həqiqətən, yeni Azərbaycanın əsl memarı və yaradıcısı oldu. Ölkə rəhbəri ilk növbədə bütün regionlardan olan sağlam təfəkkürlü insanları öz ətrafına topladı, onları dövlət həyatının ən mühüm nöqtələrində yerləşdirdi. Bu, dağılmaqda olan Azərbaycan dövlətçiliyinin bərpası üçün ilk addım idi. Bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də tənəzzülün, təhlükəli, dağıdıcı meyillərin qarşısı alındı. Milli təhsil sisteminin bərpası və yeni şəraitin tələblərinə uyğun olaraq inkişaf etdirilməsi üçün əlverişli siyasi-iqtisadi mühit yarandı.
1994-cü il sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi"nin imzalanmasına nail olan Azərbaycan MDB məkanında Qərbin aparıcı neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət kimi Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğu prosesinin təməlinə çevrildi. Hakimiyyət bölgüsü müəyyənləşdi. İnsan hüquq və azadlıqları təmin edildi. Vətəndaş cəmiyyəti institutları formalaşdı. Azad bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi ölkənin gələcək iqtisadi inkişaf yolu kimi müəyyənləşdirildi, bu xətt qısa müddətdə özünü doğrultmağa başladı. Ölkə iqtisadiyyatında özəl sektorun rolu artdı, azad sahibkarlar sinfi formalaşdı. Azərbaycanın beynəlxalq mövqeyi gücləndi. Respublikamız dünyanın nüfuzlu beynəlxalq qurumlarına tamhüquqlu üzv qəbul edildi. Yaradılan ictimai-siyasi sabitlik, əlverişli biznes mühiti bütün dünyada Azərbaycanın etibarlı tərəfdaş imicini formalaşdırdı. Respublikanın iqtisadi həyatının ən müxtəlif sahələrinə sərmayə axını başlandı. Azərbaycanın ideya müəllifliyi və yaxından iştirakı ilə qlobal əhəmiyyətli enerji-kommunikasiya layihələri reallığa çevrildi. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində danışıqların başlanması və cəbhə bölgəsində atəşkəsin əldə olunması insan tələfatının qarşısını aldı. Xarici dövlətlərlə pozulmuş münasibətlər qaydaya salındı. Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişafı, respublikamızın beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün məqsədyönlü tədbirlər görüldü. Azərbaycançılıq məfkurəsini formalaşdıran Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını gerçəkləşdirdi. Ulu Öndər milli-mənəvi dəyərlərimizə, Azərbaycanı dünyada tanıdan mənəvi sərvətlərimizə sahib çıxdı.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı ən böyük xidməti müəyyənləşdirdiyi strateji inkişaf kursunun ardıcıllığını təmin etməsidir. 2003-cü ilin prezident seçkiləri ərəfəsində - tarixi taleyimizin məsuliyyətli günlərində xalqa müraciət edən Ulu Öndər cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü, respublikanın gələcək taleyi baxımından vacib olan bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına inandığını ifadə etmişdi: "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Həmin seçkilər nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Heydər Əliyev siyasi kursunun davamlılığını və alternativsizliyini şərtləndirən amillərin sosial sifarişə əsaslandığını sübuta yetirdi. Prezident İlham Əliyev öz tükənməz enerjisi, Vətən sevgisi, quruculuq fəlsəfəsi ilə hakimiyyətdə varisliyin yeni, daha bitkin, konkret, əyani və universal modelini ortaya qoydu. Bu model Azərbaycanın bütün sferalarda inkişafını təmin edir. Dövlət başçısı qəbul etdiyi fundamental qərarlarla, imzaladığı fərman və sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini sübuta yetirir.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental əsaslarını təşkil edir.