Azərbaycançılıq ideyaları Azərbaycan professional musiqisinin “şifahi” ənənəyə malik, özünəməxsus xalq musiqisi janrı olan muğamlarla da sıx bağlıdır. Tədqiqatçıların fikrincə, qədim dövrlərdən meydana gələn muğam musiqisi haqda bizə ilk məlumatı orta əsrlər verir. Məlumdur ki, o dövrdə Azərbaycan poeziyası yüksək çiçəklənmə mərhələsinə çatmış və onun ən yaxşı nümayəndələri olan Xaqani, Nizami, Nəsimi, Füzuli və başqaları bütün dünyada şöhrət qazanmışlar.
Zərbi muğamlarda musiqi ilə şeirin əlaqəsinə nəzər etsək, görərik ki, bu muğamlardan Heyratı, Simayi-şəms, Mənsuriyyə, Heydəri qəzəl ilə oxunur. Mani, Heydəri, Arazbarı, Ovşarı və şikəstələr isə bayatılarla oxunur.
Qarabağ - Azərbaycanın musiqi beşiyi
Qarabağ - 30 illik həsrətin sonunda vüsalına qovuşduğumuz mədəniyyət incimiz, musiqi beşiyimiz! Musiqi mədəniyyətimizin bütün yaradıcılıq qolları yüzilliklər boyu bu torpaqda yanaşı addımlamışdı.
Musiqi beşiyimiz Qarabağda igidlərin süngü bıçaqla dastan yazdığı müqəddəs Şuşamız isə musiqi konservatoriyamızdır.Bura Azərbaycan musiqisinin ölməz korifeylərindən olan dahi Üzeyir bəyin doğulub böyüdüyü, musiqi tariximizdə əbədiləşən əsərlərini yazdığı ana yurdudur. Şuşa - Xan qızı Nətavanın, Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsnünün, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Zülfi Adıgözəlovun, Rəşid Behbudovun, Zülfiqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Soltan Hacıbəyovun, Süleyman Ələsgərovun da vətənidir. Qarabağın, o cümlədən, Şuşanın dağlı-yamaclı, güllü-çicəkli, buz bulaqlı, dağ havalı təbiətindən ilham alan bu musiqiçilərimizin yaratdığı əsərlər dillər əzbəri olub, könüllər fəth edib.
Qarabağ mühitində yetişmiş bir böyük sənətkar daha var – Manaf Ağayev! Xanəndələr xanəndəsi, muğamın ustadı! Xalq musiqimizin bütün sirlərini dərindən bilən öz üslubu ilə hamıdan fərqlənən, insanların qəlbinə yol tapan, mən deyərdim ki, dövlətini, xalqını, vətənini sevən vətənpərvər muğənni Manaf Ağayevdir! Qarabağ mühitində formalaşan, bu torpağın musiqi sənətinin yalnız yaradıcısı deyil, eyni zamanda daşıyıcısı və ötürücüsü də olan Manaf Ağayevin əsas qayəsi Qarabağ musiqi sərvətinin yaşaması və günümüzə qədər gəlib çatması olmuşdur.Ömrünün çoxunu musiqimizə, muğamımıza həsr edən Manaf Ağayev bunu gələcək nəsillərə ötürmək üçün çalışan ən yaxşı xalq xanəndəsi kimi şöhrət qazanıb.Hətta Manaf Ağayevi Azərbaycan xalq musiqisinin canlı ensiklopediyası da adlandırmaq olar.Manaf Ağayevin səsinin rəngarəngliyi sanki insan qəlbinə bir rahatlıq gətirir. Ona görə də Manaf Ağayevi 7-dən 77-yə hamı çox sevir.
Onu da xüsusi qeyd etmək istəyirəm ki, Manaf Ağayev həmişə dövlətçiliyimizin mənafeyini öz şəxsi mənafeyindən üstün tutmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının daxili və xarici siyasətini dəstəkləyir və xüsusi əhəmiyyətli günlərdə öz vətəndaşlıq və vəzifə borcunu yüksək səviyyədə yerinə yetirir. Həmişə şəhid ailələri, Vətən müharibəsi əlilləri və kimsəsiz insanların yanında olub onlara maddi və mənəvi dəstək göstərmişdir.
Səcdəgahımız, qibləgahımız olan Qarabağda musiqinin, muğamın təsiri ilə artıq təbiətin hər fəslində bülbüllər oxuyur, quşlar cəh-cəh vurur. Zəfərin nəğməsi çalınandan bəri bu torpaqlarda canlı və cansız olan hər şey dil açıb danışır.Təbiətin ruhunu oxşayan bu şərqinin təsiri ana torpağı da dilə gətirdi.
3-cü ildir ki, Qurban bayramıni 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızda keçirəcəyik. Artıq bu torpaqlarda məskunlaşma prossesi gedir. Yeni inşa edilən fərdi evlərə köçürülən soydaşlarımız bu bayramı döğma yurdlarında qeyd edəcəklər.
44 günlük Vətən müharibəsində bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Qabiliyyətli İkinci Qarabağ müharibəsi Vətən yolunda fədakarlığın təntənəsidir. Artıq böyük sevinc və coşqu ilə öz neçə illərdir həsrətini çəkdiyimiz doğma torpaqlarımızda qurbanlarımızı kəsib, bu müharibədə şəhid olanların ruhuna dualarımızı edəcəyik.
Biz də redaksiyamızın kollektivi adından Manaf Ağayevi, onun timsalında bütün xanəndələri, musiqi ustadlarını və mədəniyyət işçilərini müqəddəs Qurban bayramını təbrik edirik, sizlərə uzun ömür, can-sağlığı, yaradıcılığınızda uğurlar arzulayırıq.
Qurban bayramınız mübarək!
Zəruri giriş: Ağayev Manaf Novruz oğlu 1964-cü il aprel ayının 26-da Füzuli rayonunun Şıxlı kəndində dünyaya göz açmışdır. Orta təhsilini də məhz Füzuli rayonunda alıb. Musiqiyə həvəsi lap uşaqlıqdan yaranıb. Məktəb illərində müxtəlif musiqi müsabiqələrində, festivallarda, eləcə də “Füzuli Mədəniyyət Evi” ndə bir sıra uğurlu çıxışları olub. Orta məktəbi bitirdikdən sonra 1982-84-cü illərdə hərbi xidmətdə olub. 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin “Mədəni-Maarif” fakültəsinə daxil olur. İlk albomu 1996-ci ildə işıq üzü görür. Və ardıcıllıqla hər il yeni albomları ilə sevənlərinin görüşünə gəlib. Bütün albomlarda vətən həsrəti, yurd nisgili açıq aydın görünür. Manaf Ağayev müxtəlif illərdə mükafatlarla da təltif olunub. Bakıda, Sumqayıtda və eləcə də bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış edib. 2002-ci ildə Manaf Ağayevə həsr edilmiş “Vətənə getməyim gəlir” adlı kitab işıq üzü görüb. Ən uğurlu nailiyyətlərindən biri isə 2009-cu ildə yerli telekanalların birində keçirilən “Toylar kralı” adlı yarışmanın qalibi olmasıdır.