Nazim müəllim - Dövlətlər arasında qarşılıqlı, bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün uğurla fəaliyyət göstərən Müstəqil Dövlətlər Birliyi (MDB) bu gün beynəlxalq əməkdaşlığın önəmli formatı kimi qəbul edilir. Müstəqil Azərbaycanın MDB ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa söykənən siyasi-iqtisadi və ticari, sosial-mədəni, humanitar, təhsil sahəsində əlaqələri regional sülh və təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edir.
Ölkəmizin MDB ölkələri ilə əməkdaşlığının uğurla inkişaf etməsi dövlətlər arasında iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradıb. Eyni zamanda, faydalı əlaqələr MDB ölkələri arasında yeni regional əməkdaşlıq formatlarının yaranmasını şərtləndirib.
Prezident İlham Əliyev oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycanın bu əməkdaşlığa böyük əhəmiyyət verdiyini xüsusilə vurğulayıb, müstəqil ölkəmizin bundan sonra da qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyini bildirib.
Bu iclasda cənab İlham Əliyev MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edildiyini diqqətə çatdırıb: “Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.
Azərbaycanın ən gözəl guşələrindən biri olan Qarabağın bölgəsinin Laçın rayonu maddi sərvətləri ilə dünyada öz yeri olan, özünəməxsus mədəni inkişaf yolu keçmiş ən zəngin torpaqlarımızdandır. Laçının 44 günlük haqq-ədalət savaşında işğaldan azad edilməsi isə Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsi oldu. Ölkəmizin əldə etdiyi şanlı Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrildi. Bu gün Prezident İlham Əliyevin düşünülmüş, çevik, praqmatik siyasəti sayəsində Laçın şəhəri gülüstana çevrilir və 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı kimi məsuliyyətli işin öhdəsindən layiqincə gələcək.
MDB Dövlət Başçıları Şurasının iclasında cənab İlham Əliyev 2025-ci ildə ölkəmizdə III MDB Oyunlarının keçirilməsini, dünya şöhrətli, dahi Nizami yurdu, qədim Gəncə şəhərinin idman paytaxtı seçilməsini, ölkəmizin növbəti dəfə vacib bir tədbirə ev sahibliyi edəcəyini xüsusilə diqqətə çatdırıb.
Sözügedən iclas bir daha göstərdi ki, regional sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilən Azərbaycanla çoxşaxəli tərəfdaşlıq MDB ölkələri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan da öz növbəsində xarici siyasətində milli maraqlar, həmçinin, beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı-faydalı əməkdaşlıq kimi meyarları əsas götürərək beynəlxalq münasibətlər sisteminə yeni, daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bu da hər zaman haqqın, ədalətin carçısı olan Azərbaycanın regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfələrini əsirgəmədiyinin daha bir nümayişi oldu.